TƏBİB Akademiyasında Yeni Klinikanın Təcili və Təxirəsalınmaz tibbi yardım şöbəsinin müdiri Uzm.Dr.Turan Tahirli, təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim Fəxriyyə Quliyeva tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşlarına "Təməl Yaşam Dəstəyi" təlimi keçirilib.
İlkin tibbi yardım vərdişlərinin artırılması məqsədi ilə baş tutan təlimdə Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr, İnsan resurslarının idarəedilməsi və inkişafı, Tibbi planlama, Vətəndaş müraciətləri və sənədlərlə iş, Strateji inkişaf və iqtisadi təhlil departamentləri həmçinin Tibbi yardımın maya dəyərinin hesablanması və Çağrı mərkəzi xidmətlərinin əməkdaşları iştirak ediblər. İnteraktiv şəkildə baş tutan təlimdə ilkin tibbi yardım üsulları həm nəzəri, həm də praktiki olaraq beynəlxalq protokollara uyğun izah edilib.
Təlim iştirakçıları həyat üçün təhlükəli vəziyyətlərin müəyyənləşdirilməsi və daha təkmil tibbi yardım briqadası gələnədək həyati vacib ilk yardım tədbirlərinin görülməsinə dair bilik və bacarıqlara yiyələniblər.