Dünya İnvaziv Kardiologiya Cəmiyyətinin təşkil etdiyi "ASPIC İstanbul 2024 - Yetkin Strukturlu Periferik İnvaziv" kursu çərçivəsində Yeni Klinikada icra olunan unikal cərrahi əməliyyat İstanbulda baş tutan beynəlxalq konfrans zamanı canlı yayımlanıb.
12 müxtəlif mərkəzdən 35 fərqli iş prosedurunun təqdim olunduğu beynəlxalq konfrans zamanı Yeni Klinikada Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlunun rəhbərliyi, eyni zamanda Yeni Klinikanın invaziv kardioloqu Şəhla Ağayeva və həkim-rezident Ülkər İsmayılovanın iştirakı ilə baş tutan TAVİ (kateter vasitəsilə ürək qapağının protezləşdirilməsi) əməliyyatı nümayiş etdirilib.
6000-dən çox xarici spiker və həkimlərin iştirak etdiyi konfransda canlı yayımlanan əməliyyat uğurla başa çatdırılıb.
Məlumat üçün bildirək ki, TAVİ döş qəfəsini açmadan, heç bir kəsik aparmadan və ürəyi dayandırmadan kəskin şəkildə daralmış aorta qapağının kateter köməyi ilə irəli çəkilən yeni bioloji qapaqla əvəz edilməsi prosedurudur. Bu əməliyyat yaşla bağlı olaraq aorta qapağının kirəcləməsi nəticəsində kritik aorta stenozu olan, yəni klapanda daralma baş verən yaşlı xəstələrdə tətbiq edilir. Daha az travmatik xüsusiyyətə malik olan əməliyyat açıq əməliyyata uyğun olmayan xəstələr üzərində də icra oluna bilər.
Xatırladaq ki, 40 min manat dəyərində olan TAVİ əməliyyatı daha öncə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ilk dəfə Yeni Klinikada tibb müəssisəsinin direktor müavini, Ürək-damar Mərkəzinin rəhbəri, invaziv kardioloq, tibb üzrə fəlsəfə doktoru Qalib İmanov və invaziv kardioloq İlqar Tahiroğlu tərəfindən həyata keçirilib.