TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində qasıqlar açılmadan, perkutan (dəri vasitəsilə həyata keçirilən minimal invaziv prosedur) üsülla daha bir EVAR (Endovaskulyar Anevrizmanın Təmiri) proseduru uğurla icra edilib.
Tibb müəssisəsinə müraciət edən 85 yaşlı kişi xəstəyə ölüm faizi kifayət qədər yüksək olmaqla yanaşı, yüksək maliyyə tələb edən abdominal aorta damarlarının anevrizması diaqnozu qoyulub.
Uzman invaziv radioloq Ağakişi Yəhyayev və uzman invaziv radioloq Samir Məmişov tərəfindən planlı şəkildə icra olunan əməliyyat zamanı açıq cərrahiyyə ilə deyil, qapalı yolla endovaskulyar qreft yerləşdirilərək abdominal aorta damarlarının anevrizması bir seansla bərpa edilib. Əməliyyat qasıq damarları cərrahi yolla açılmadan sadəcə 4 mm dəlik vasitəsi ilə perkutan üsülla həyata keçirilib.
Qeyd edək ki, tibb müəssisəsində daha öncə uzman invaziv radioloqlar Ağakişi Yəhyayev və Nicat Alışev tərəfindən Xidmətlər Zərfi çərçivəsində açıq cərrahiyyə ilə deyil, qapalı yolla endovaskulyar qreft yerləşdirilərək həm abdominal aorta, həm də iliak arteriya damarlarının anevrizması bərpa edilib.