Yeni Klinikanın direktoru Barat Yusubov Türkiyənin İstanbul şəhərində keçirilən “17-ci Çapa Nefroloji və Transplantasiya Günləri” adlı beynəlxalq elmi tədbirdə iştirak edib.
Ənənəvi olaraq hər il baş tutan və dünyanın müxtəlif ölkələrindən tanınmış mütəxəssislərin qatıldığı bu tədbir, nefrologiya və orqan transplantasiyası sahəsindəki ən son elmi yeniliklərin, müalicə protokollarının və klinik təcrübələrin müzakirə olunduğu mühüm platformadır. Bu ilki tədbirin əsas mövzu istiqamətləri arasında hemodializ və periton dializi üzrə aktual məsələlər xüsusi diqqət mərkəzində olub.
Tədbirdə çıxış edən Barat Yusubov, “Hemodializdə qızdırma” mövzusunda təqdimatla çıxış edərək, bu sahədəki klinik yanaşmalar və müasir müalicə metodları haqqında iştirakçılara ətraflı məlumat verib. O, həmçinin Yeni Klinikada tətbiq olunan beynəlxalq protokollara əsaslanan hemodializ xidmətləri istiqamətində görülən tədbirlər barədə təcrübəsini bölüşüb.