26 Noyabr 2024 12:00

“Yenidoğulmuş uşaqlarda genetik xəstəliklər və onların skrininqi” mövzusunda seminar keçirilib

Yeni Klinika - “Yenidoğulmuş uşaqlarda genetik xəstəliklər və onların skrininqi” mövzusunda seminar keçirilib

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan həkim-neonatoloq və pediatrlar üçün “Yenidoğulmuş uşaqlarda genetik xəstəliklər və onların skrininqi” mövzusunda seminar keçirilib.

Ümumilikdə 150-dən çox əməkdaşın iştirak etdiyi seminarın əsas məqsədi yenidoğulmuşlar arasında inkişaf qüsurlarının erkən aşkarlanması, irsi-genetik xəstəliklərin müayinə və müalicəsi haqqında məlumatların təqdim edilməsi, “Yenidoğulmuşlar arasında inkişaf qüsurlarının erkən aşkarlanması məqsədilə neonatal müayinələrin (skrininqlərin) aparılması ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” məlumatlandırılmasıdır.

Seminarda açılış nitqi ilə çıxış edən TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafiov skrininqin aparılmasının vacibliyi, işin təşkili, əsas qaydalar haqqında geniş məlumat verib, yenidoğulmuşlarda genetik və digər xəstəliklərin inkişafının qarşısının alınması üçün səhiyyəmizdə lazımi tədbirlər görüldüyünü bildirib.

Skrininq proqramlarının əsas məqsədi və mahiyyəti barədə çıxış edən Yeni Klinikanın direktoru Barat Yusubov tibb müəssisəsində Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin Neonatologiya şöbəsində yenidoğulmuşların eşitmə skrininq testinin həyata keçirilməsinə başlanıldığı barədə məlumat verib.

Daha sonra çıxış edən TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova irsi-metabolik xəstəliklərin zamanında diaqnozunun təyin edilməsinin, uşaqların əlillik hallarının və genetik mübadilə pozulmaları ilə bağlı ölüm hallarının sayının azaldılmasındaki əhəmiyyətini qeyd edib. Şöbənin məsləhətçisi İlahə İsgəndərli isə ölkədə aparılmış skrininq nəticələrinin təhlilini iştirakçılara təqdim edib.

Seminarda çıxış edən Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik və Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi Zenfira Mürsəlova öz çıxışında həkimlərin yenidoğulmuş uşaqlar arasında skrininqinin aparılması və genetik xəstəliyinin vaxtında aşkar edilməsinin vacibliyini qeyd edib.

Mərkəzi Neftçilər Xəstəxanasının Laboratoriya şöbəsinin müdiri Leyla Cabbarova “Yenidoğulmuş uşaqlarda irsi metabolik xəstəliklərə laborator yanaşma”, Yeni Klinikanın uzman uşaq endokrinoloqu Cəmalə Məmmədova “Anadangəlmə hipotireozu olan uşağa yanaşma”, Yeni Klinikanın Pediatriya şöbəsinin müdiri, uzman Nigar Bayramova “Kistik fibroz xəstəliyinin müayinəsi və müalicəsi alqoritmləri”, Respublika Pediatriya Mərkəzinin uzman həkim pediatrı Emil Nuriyev “Fenilketonuriya haqqında nə bilirik?”, Respublika Pediatriya Mərkəzinin uzman həkim-pediatr qastroenteroloqu Anar Tağıyev “Qalaktozemiyanın erkən diaqnostikası və müalicəsi”, Referans Klinik Laboratoriya və Poliklinika mərkəzinin müdiri, tibb üzrə fəlsəfə doktoru Aslıhan Dağdemir “Skrininqin əhəmiyyəti və genetik testlər”, Memorial Hospitalın uşaq endokrinoloq və diabetoloqu uzman İlkin Məcidov “Androgenital sindrom”, Memorial Hospitalın həkim-pediatrı Ləman Əlirzayeva “Biotinidaz enzim defisiti” haqqında geniş məlumatlar təqdim ediblər.

Qeyd edək ki, seminar "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2022-ci illər üçün Dövlət Proqramı” və “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində keçirilib.

Seminarın sonunda iştirakçıları maraqlandıran suallara məruzəçilər tərəfindən ətraflı cavablar verilib.

Digər xəbərlər