TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika və Almaniya Federativ Respublikasının Haydelberq Universitetinin Manhaym Tibb Mərkəzi arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Yeni Klinikada ”Kolorektal cərrahiyyədə qabaqcıl texnikalar və perioperativ proseslərin effektiv təşkili” mövzusunda ustad dərsləri keçirilib.
Təlim Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Almaniyanın Haydelberq Universitetinin Manhaym Klinikasının Cərrahi Mərkəzinin (UMM), Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə 26-27 iyun tarixlərində baş tutub.
TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, UMM-nin direktoru Kristof Reissfelder və Yeni Klinikanın direktor vəzifəsini icra edən, baş həkim Cavid Paşayevin iştirakı ilə baş tutan ustad dərslərində Almaniyada fəaliyyət göstərən cərrahlardan Vüqar Yaqublu, Stefen Seyfred, Rasim Xəlilov, Azərbaycanda çalışan cərrahlardan isə Elşən Qədimov, Elman Əzimov, Alim Əkbərov və Nərgiz Əfəndiyeva məruzəçi qismində çıxış ediblər.
Yeni Klinikanın Ümumi cərrahiyyə şöbəsinin müdiri Elşən Qədimov icra etdiyi qapalı əməliyyatı təqdim edərkən professor Reissfelder bu əməliyyatın gördüyü ən peşəkar işlərdən olduğunu və əməliyyatın dərs vəsaiti kimi başqa cərrahlara öyrədilə biləcəyini qeyd edib.
Təlimin ilk günü ustad dərslərində gənc cərrahlara kolorektal cərrahiyyədə xəstələrin perioperativ aparılmasının effektiv təşkili yolları təqdim edilməklə yanaşı canlı həyata keçirilən kolektomiya nümunəsində cərrahi texnikalar müzakirə edilib.
Canlı video əməliyyat Manhaym Klinikasının Cərrahi Mərkəzinin cərrahları Vüqar Yaqublu, Stefen Seyfred və Yeni Klinikanın cərrahı Alim Əkbərovun iştirakı ilə baş tutub. Təlimin ikinci günü əməliyyatdan sonrakı dövrün effektiv təşkilini təmin edən ERAS (Enhanced Recovery After Surgery) - “Cərrahiyyə Sonrası Bərpanın Sürətləndirilməsi” sahəsi UMM-nin təcrübəsi əsasında müzakirə edilərək Azərbaycan üçün modifə edilmiş yeni ERAS protokolu təqdim edilib.
Xatırladaq ki, ötən il Azərbaycan və Almaniya tibb müəssisələri arasında imzalanmış Memorandum klinik proseslərin və xəstəxana fəaliyyətlərinin idarə edilməsi, mütəxəssislərin ixtisaslaşması və çətin klinik patologiyaların müalicəsində interdissiplinar iş üzrə innovativ bilikləri bölüşməyi hədəfləyir.