02 Oktyabr 2024 12:00

Yeni Klinikada “Hər yaşda sağlam ol” tədbiri baş tutub

Yeni Klinika - Yeni Klinikada “Hər yaşda sağlam ol” tədbiri baş tutub

1 Oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə Yeni Klinika və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Hər yaşda sağlam ol” bədii-musiqili tədbiri baş tutub.

Tədbirdə Yeni Klinika tibb müəssisəsinin direktoru Barat Yusubov, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin monitorinq şöbəsinin müdiri Bəyalı Məmmədov, Nizami Rayon Yeni Azərbaycan Partiyasının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Bəhman Hüseynov, Azərbaycan Respublikasının əməkdar artisti Dilarə Əliyeva, Nizami rayon ərazisində yaşayan ahıl şəxslər və Yeni Klinika heyəti iştirak ediblər.

Ölkəmizdə vətəndaşların sosial rifah halının daim yaxşılaşdırması istiqamətində müxtəlif sosial yönümlü proqramların hazırlanaraq həyata keçirildiyini qeyd edən Barat Yusubov Cənab Prezident İlham Əliyevin sərəncamı ilə qəbul olunan “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nın bu diqqətin ən bariz nümunələrindən biri olduğunu bildirib. O, İcabri Tibbi sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in dəstəyi ilə Yeni Klinikada da dövlət proqramı siyasətini davam etdirilərək ahıl vətəndaşların sağlamlıqlarının qorunması istiqamətində sosial layihələrin həyata keçirildiyini vurğulayıb.

Ümummilli Lider Heydər Əliyev və onun siyasi kursunun davamçısı Prezident İlham Əliyev tərəfindən ahıl insanlara, onların sosial müdafiəsinə daim xüsusi diqqət və qayğı göstərildiyini bildirən İcraçı direktorun müavini Anar İsrafilov ahıl vətəndaşların tibbi ehtiyaclarının ödənilməsinin ən həssas məsələlərindən biri olduğunu qeyd edib. O, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində bu koteqoriyadan olan vətəndaşlara xüsusi həssaslıqla yanaşıldığını, onların tibbi xidmət almaq hüquqlarının tam olaraq təmin edildiyini bildirib.

Milli Məclisin deputatı Müşfiq Məmmədli ölkədə ahıl vətəndaşların təminatlarının artırılması üçün ardıcıl işlər görüldüyünü vurğulayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin fəaliyyətindən bəhs edib.

Bu günün təsis olunmasında əsas məqsədin bu kateqoriyadan olan insanların sosial-məişət problemlərini, tibbi ehtiyaclarını öyrənmək və ictimaiyyətin diqqətini bu məsələlərin həllinə yönəltmək olduğunu bildirən Milli Məclisin deputatı Vüqar Rəhimzadə ahıl şəxslərin dövlətin daima diqqət və qayğısı ilə əhatələndiyini qeyd edib. İ

cbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin monitorinq şöbəsinin müdiri Bəyalı Məmmədov ölkədə ahıl vətəndaşların sağlamlıqlarının qorunması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini, məhz bu məqsədlə ahıl vətəndaşların icbari tibbi sığortadan rahatlıqla istifadə edərək müayinələrdən keçə bildiklərini bildirib.

Nizami Rayon Yeni Azərbaycan Partiyasının sədri Ramil Vəlibəyov ölkədə ahıl insanlarımızın etibarlı sosial müdafiəsinə yönələn tədbirlərin ildən-ilə geniş miqyas aldığını qeyd edərək ahıl vətəndaşların özəl günlərini təbrik edib, cansağlığı arzulayıb.

Nizami Rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Bəhman Hüseynov 1993-cü ildən ölkəmizdə də hər il Beynəlxalq Ahıllar Gününün yüksək səviyyədə qeyd olunmaqla, bu kateqoriyadan olan vətəndaşların təminatlarının artırılması üçün ardıcıl işlər aparıldığını bildirib.

Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev göstərilən diqqət və qayğıdan dolayı minnətdarlığını bildirərək onların sosial rifahının daim diqqətdə saxlanıldığını qeyd edib.

Günay Firudinqızının aparıcılığı ilə baş tutan tədbirin bədii hissəsində Respublikanın əməkdar artisti Dilarə Əliyeva və müğənni Rəsul Əfəndi çıxış ediblər.

Beynəlxalq Ahıllar Günü münasibətilə baş tutan tədbir xatirə şəklinin çəkdirilməsi ilə yekunlaşıb.

Digər xəbərlər