Türk Toraks Dərnəyinin (TTD) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq Azərbaycan Pulmonologiya Simpoziumu keçirilib.
Tədbirdə Yeni Klinikanın direktoru Barat Yusubov, TTD-nin Azərbaycandakı nümayəndə heyəti, TTD Mərkəzi İdarə Heyəti, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı, TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin davamlı təhsil şöbəsinin müdiri Emil İskəndərov, Türk Dünyası və Beynəlxalq İş Dünyası İnvestisiya Birliyi Konfederasiyasının sədri Hakan Aktürk, Azərbaycan rəsmiləri və media nümayəndələri iştirak ediblər.
Simpoziumun təşkilində əsas məqsəd TTD ilə Azərbaycan tibb təşkilatları arasında sıx əməkdaşlıq yaratmaq, iki dövlətin ortaq ağciyər sağlamlığı problemləri ilə bağlı fəaliyyət planlarını qurmaq və Türkiyədə ixtisasını başa vurmuş azərbaycanlı həkimlərin uzmanlıq təhsilindən sonrakı inkişafında rol oynamaqdır.
Dörd hissədən ibarət olan simpoziumda Azərbaycan həkimlərinin rəyləri ilə müəyyən edilən elmi məzmunda bir çox tənəffüs yolları xəstəlikləri, o cümlədən astma və allergik xəstəliklər, iqlim dəyişikliliyi, havanın çirkliliyi, yuxuda tənəffüs yolu xəstəliklərinə mövcud yanaşmalar müzakirə olunub.
Sonda ÜST-ün Bakıdakı nümayəndəliyi ilə birgə keçirilən mətbuat konfransında Azərbaycanda ilk dəfə olaraq TTD-nin qismən dəstəyi ilə həyata keçirilən “Astma, KOAH, Allergiya, Havanın çirklənməsi və Tütün İstifadəsinin Epidemiologiyası” ilə bağlı araşdırmanın ilkin nəticələri açıqlanıb.
Qeyd edək ki, 1992-ci ildə yaradılan Türk Toraks Dərnəyi (TTD) 8000 üzvü olan Türkiyənin ən böyük tibbi peşəkar təşkilatlarından biridir. Türkiyə üzrə 16 filialı, 2 xarici nümayəndəliyi (Şimali Kipr və Azərbaycan), 19 işçi qrupu, 7 elmi xüsusi komitə və 15 idarə heyəti ilə fəaliyyət göstərir.