Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin təşkilatçılığı ilə Yeni Klinikada “Xroniki Ağrı Sindromlarına Multidisiplinar Yanaşma” simpoziumu baş tutub.
Tədbirdə Yeni Klinikanın direktoru Barat Yusubov, Yeni Klinika və müxtəlif tibb müəssisələrindən olan tibbi heyət iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Barat Yusubov dövlətin səhiyyə sahəsinə verdiyi dəstək sayəsində bu gün Azərbaycanda ilk dəfə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Amerika Birləşmiş Ştatlarının Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyətinin (HIMSS) xəstəxana məlumatlarının idarəedilməsi sistemi üzrə beynəlxalq dərəcəli nüfuzlu akkreditasiya sertifikatını əldə etdiyini vurğulayaraq bir daha bu uğurda əməyi keçən hər kəsə təşəkkür edib.
Direktor səhiyyə sektorunun inkişafı ilə bağlı atılan hər bir addımın olduqca önəmli olduğunu qeyd edərək təşkil olunan elmi konfrans, simpozium, seminar və s. tədbirlərin həkimlər tərəfindən böyük maraqla qarşılandığını da bildirib. B.Yusubov simpoziumda təqdim edilən multidisiplinar yanaşmaların ağrının aşkarlanmasına, müxtəlif innovativ metodların tətbiqi ilə çoxşaxəli yanaşma sərgiləyəcəyinə inandığını və çıxış edən həkimlərin məruzələrinin hər kəs üçün faydalı olacağını qeyd edib.
Yeni Klinikanın direktor müavini, Somatika və STROK mərkəzinin rəhbəri Pərvin Əkbərov və digər həkimlərin moderatorluğu ilə baş tutan simpoziumda Yeni Klinikanın uzman alqoloqu Gülüstan Bayramova, uzman nevroloq Minarə Çərkəzzadə, uzman terapevt Gülxar Süleymanova, uzman neyrocərrah Azad Məlikov, uzman qastroenteroloq Fuad Mustafayev, uzman mama-ginekoloq Lalə Kazımova və uzman torakal cərrah Firdovsi Fərhadzadə müxtəlif mövzularda çıxış ediblər.
Üç hissədən ibarət simpozium müzakirə və sual-cavab sessiyası ilə yekunlaşıb.