Yeni Klinikada görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə “Qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı və böyük alim” mövzusunda tədbir keçirilib.
Tədbirdə Milli Məclisin deputatları, rayonun idarə və təşkilatlarının, səhiyyə, təhsil və mədəniyyət müəssisələrinin rəhbərləri, ictimai birliklərin nümayəndələri, qazilər, şəhid ailələri və digər qonaqlar iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə əvvəlcə akademik Zərifə Əliyevaya həsr olunmuş videofilm nümayiş olunub.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Klinikanın direktoru Barat Yusubov, Milli Məclisin deputaları Rasim Musabəyov, Sədaqət Vəliyeva, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Şərəf Cəlilli, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək qayğıkeş insan, böyük ziyalı, sədaqətli həyat yoldaşı, gözəl ana kimi xatırlanan, eləcə də zəngin elmi fəaliyyətində işıqlı keyfiyyətləri yüksək səviyyədə yaşatmış görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan danışıblar.
Barat Yusubov Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətlərindən danışaraq onun ictimai fəaliyyətdə də cəmiyyətimiz üçün misilsiz işlər gördüyünü vurğurlayıb. “Bu gün istər Ümummilli Lider Heydər Əliyevin, istərsə də akademik Zərifə xanım Əliyevanın həyata keçməyən ideyalarının gerçəkləşməsində cənab İlham Əliyevlə birgə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva yaxından iştirak edir. Azərbaycan siyasi və iqtisadi cəhətdən qüdrətlənir, öz inkişaf templərinə görə dünyada qabaqcıl yerlərdən birini tutur” deyə direktor qeyd edib.
Tədbirdə çıxış edən qonaqlar tərəfindən Zərifə xanım Əliyevanın Azərbaycanda tibb elminin inkişafına verdiyi töhfələr, peşəkar həkimlik fəaliyyəti və təklif etdiyi yeni müalicə üsulları haqqında ətraflı məlumat verilib.