Bu gün “Yeni klinika” tibb müəssisəsində Heydər Əliyev ilinə həsr olunan tədbir keçirilib.
Tədbirdə “Yeni klinika” tibb müəssisəsinin direktor vəzifəsini icra edən baş həkim Cavid Paşayev, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, tibb müəssisənin rəhbər, tibbi və qeyri-tibbi heyəti iştirak edib. Tədbirdən öncə ulu öndər Heydər Əliyevin büstünün təntənəli açılış mərasimi baş tutub.
Büstün qarşısına gül çələngi qoyan qonaqlar daha sonra ulu öndərin həyat və siyasi yaradıcılığına, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş stendlə tanış olub.
Açılış nitqi ilə çıxış edən “Yeni klinika” tibb müəssisəsinin direktor vəzifəsini icra edən baş həkim Cavid Paşayev ümummilli liderin müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi, səhiyyə sahəsində göstərdiyi misilsiz xidmətlərindən bəhs edib.
Heydər Əliyevin sədrliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafında mühüm xidmətlər göstərdiyini qeyd edən baş həkim YAP sıralarına qoşulanların sayının durmadan artdığını bildirib. Sonda Cavid Paşayev partiya sıralarına qoşulan əməkdaşları təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov ulu öndər Heydər Əliyevin cəmiyyətin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa müddət ərzində inkişaf etdirərək ümumxalq partiyasına çevirdiyini qeyd edib.
“Yeni klinika” tibb müəssisəsinin Hüquq şöbəsinin müdiri Əliheydər Heydərli Heydər Əliyevin zəngin həyat yolu və siyasi yaradıcılığından bəhs edib, Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf etdiyini bildirib.
Daha sonra ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan qısa film nümayiş etdirilib.
Sonda “Yeni klinika” tibb müəssisəsində fəaliyyət göstərən 42 əməkdaşa Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.