08 Aprel 2024 12:00

Yeni Klinikada TƏBİB Akademiyasının ilk elmi konfransı keçirilib

Yeni Klinika - Yeni Klinikada TƏBİB Akademiyasının ilk elmi konfransı keçirilib

Yeni Klinikada TƏBİB Akademiyasının “Elmi Tədqiqatların Aparılma Metodikası" adlı ilk konfransı baş tutub.

Konfransda TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Yeni Klinikanın direktoru Barat Yusubov, TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın direktor müavini Pərvin Əkbərov, direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədov, direktor müavini, Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri Gülnar Nuriyeva, TƏBİB-in Tibbi Təhsil və İnnovasiyalar departamentinin Davamlı tibbi təhsil şöbəsinin müdiri Emil İskəndərov və digər əməkdaşlar iştirak ediblər.

İcraçı direktorun müavini Araz Nəsirov elmi tədqiqat işlərinin olduqca önəmli olduğunu qeyd edərək elmi araşdırmalar, elmi təhlillər və daha dərin elmi analizlərin aparılmasına imkan verən tədqiqatlara hər zaman böyük ehtiyac duyulduğunu bildirib. Elmi-tədqiqatların klinik baza rolunu oynadığını deyən A.Nəsirov rezidentlərin hazırlanmasında və həkimlərin təkmilləşdirilməsində bu araşdırmaların rolunun əvəzsiz olduğunu qeyd edib.

TƏBİB Akademiyasının yaradılmasının məqsəd və vəzifələri haqqında ətraflı məlumat verən Yeni Klinikanın direktoru Barat Yusubov yanvar ayından akademiyada təşkil olunan təlim və dərslərdə 629 klinika əməkdaşı və 404 həkim-rezidentin iştirak etdiyini bildirib. Akademiyanın fəaliyyətinin təlim və dərslərlə yekunlaşmadığını bildirən direktor təşkil olunan elmi konfrans, simpozium və seminarların gənc tədqiqatçılar üçün olduqca önəmli oduğunu vurğulayıb.

TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli həkimlərin praktik fəaliyyəti ilə yanaşı elmi-tədqiqat işlərinin araşdırmasının səhiyyəyə böyük təkan verdiyini bildirib.

Daha sonra TƏBİB Akademiyasının rəhbəri Tural Xaspolad akademiyanın fəaliyyəti haqqında əraflı məlumat verərək gənclərin tədqiqat bacarıqlarının inkişafı istiqamətində nəzərdə tutulan tədbirlərin artırılacağını qeyd edib.

Konfransın ikinci hissəsində TƏBİB-in Tibbi Təhsil və İnnovasiyalar departamentinin Davamlı tibbi təhsil şöbəsinin müdiri Emil İskəndərov “Elmi dərəcə və elmi adların alınması qaydaları” və TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın direktor müavini PhD. Pərvin Əkbərov “Plagiat nədir?”, mövzularında çıxış ediblər.

FEAPU, “Badam Medical Centre”in Uşaq urologiya mərkəzinin rəhbəri Uzm.Dr Pərviz Hacıyev “Elmi məqalə niyə yazılmalıdır?” və Mərkəzi Klinik Xəstəxananın Pediatrik reanimasiya və intensiv terapiya şöbəsi, Pediatrik ekstrakorporeal mərkəzinin rəhbəri Uzm.Dr. Anar Qurbanov isə “Elmi məqalə yazılma qaydaları və qarşılaşılan problemlər” haqqında ətraflı məlumat veriblər.

Qarşılıqlı fikir mübadiləsi istiqamətində təşkil olunan konfrans sual-cavab sessiyası ilə yekunlaşıb.

Digər xəbərlər