08 Mart 2024 12:00

Yeni Klinikada qadınlar gününə həsr olunmuş “Vətən əmanəti” adlı tədbir keçirilib

Yeni Klinika - Yeni Klinikada qadınlar gününə həsr olunmuş “Vətən əmanəti” adlı tədbir keçirilib

TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Vətən əmanəti” adlı tədbir keçirilib.

Tədbirdə Yeni Klinikanın direktoru Barat Yusubov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, direktor müavinləri, qəhrəman şəhidlərimizin xanımları, Vətən müharibəsi qaziləri, Azərbaycan Respublikasının əməkdar artisti Aybəniz Haşımova və klinika əməkdaşları iştirak ediblər.

Direktor Barat Yusubov müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolunun həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirildiyini qeyd edib. Azərbaycan xalqının həmişə qadına, cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşdığını qeyd edən direktor xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi Vətən, torpaq, dil anlayışlarının ana adı ilə bərabər tutulduğunu bildirib. B. Yusubov sonda Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin qəhrəman xanımları başda olmaqla bütün Azərbaycan xanımlarının bayramını təbrik edib.

Ramil Vəlibəyov bu gün qadın siyasətinin davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzunun daha da artdığını bildirib. O, Azərbaycan qadınlarının mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunduğunu, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak etdiyini xüsusi qeyd edib.

Daha sonra direktor müavini, Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri Gülnar Nuriyeva, qəhrəman şəhid Ayaz İmanzadənin xanımı Gülşən İmanzadə, şəhid Həsən Həsənovun xanımı Qəriyə Həsənova, Vətən müharibəsi qaziləri Ramin Şirinov və Mövsüm İskəndərov çıxış ediblər.

Sonda Respublikanın Əməkdar artisti Aybəniz Haşımova çıxış edərək şəhid xanımları, qazilər və Yeni Klinika əməkdaşları üçün vətənpərvər ifalar səsləndirib. Tədbir Aybəniz Haşımova və “Sənət” akademiyasının üzvlərinin ifasında “Vətəndən pay olmayır” mahnısı ilə başa çatıb.

Digər xəbərlər