02 Aprel 2024 12:00

Autizm Maarifləndirmə Gününə həsr edilən “Autizmə fərqli baxış” adlı seminar keçirilib

Yeni Klinika - Autizm Maarifləndirmə Gününə həsr edilən “Autizmə fərqli baxış” adlı seminar keçirilib

Yeni Klinikada 2 Aprel - Dünya Autizm Məlumatlandıma Gününə həsr edilən “Autizmə fərqli yanaşma” adlı seminar keçirilib.

Tədbirdə TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Yeni Klinikanın direktoru Barat Yusubov, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin rəhbəri Bahadur Rzayev, Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Müşfiq Məmmədli, İlham Məmmədov, "Liatris" holdinqin rəhbəri Ruhiyyə Əliyeva və digər qonaqlar iştirak ediblər.

Seminarda açılış nitqi ilə çıxış edən Yeni Klinikanın direktoru Barat Yusubov dünyada autizm spektri pozuntusu problemi və onun aktuallığı, ölkəmizdə autizm sindromlu insanlara göstərilən diqqət və qayğı barədə ətraflı məlumat verib. O vurğulayıb ki, autizm sindromlu övladı olan valideynlər bəzən öz uşaqlarını ictimaiyyətdən uzaqlaşdırmağa çalışırlar. Ancaq autizmi ictimaiyyət qəbul etməli, onları “xəstə” kateqoriyasından çıxarmalıdır.

TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli çıxışında Dünya Autizm Məlumatlandırma Gününün qeyd edilməsinin vacibliyinə diqqət çəkib. O qeyd edib ki, bu günün təsis edilməsinin əsas məqsədi autizm haqqında maarifləndirməni artırmaq və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir. Teymur Mirzəbəyli uşaqların psixi və fiziki sağlamlığı ilə bağlı görülən işlərə, xüsusi ilə də həssas əhali qruplarına spesifik yanaşma mövzusuna toxunub.

Daha sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin rəhbəri Bahadur Rzayev, Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Müşfiq Məmmədli, İlham Məmmədov autizmin ictimaiyyətdə qarşılanması, autizm sindromlu insanların hüquqlarının müdafiəsi və reabilitasiyası ilə bağlı məsələlər ətrafında fikirlərini bölüşüblər.

Xeyriyyəçi Ruhiyyə Əliyeva autizm sindromlu uşaqlarla bağlı fərqli yanaşmanın hər kəsin ailəsindən başlanmalı olduğunu vurğulayaraq, belə həssas uşaqlarla düzgün reabilitasiyanın qurulması üçün mütəxəssis hazırlığının vacib olduğunu qeyd edib.

“Adler” Psixologiya Mərkəzinin direktoru Adilə Mustafayeva 7 ildir fəaliyyət göstərən mərkəzdə yüzlərlə ailəyə ümid işığı olduqlarını, yeni proqramlarla inkluziv təhsilə hazırlıq kursları təşkil edərək, bu uşaqları orta məktəblərə yola saldıqlarını və mərkəzin daxilində Azərbaycanda autizmli uşaqlar üçün bir ilk olan prototip məktəb yaratdıqlarını bildirib. O, layihənin həyata keçirilməsində dəstək olan TƏBİB, Yeni Klinika və digər tərəfdaşlara təşəkkür edib.

Tədbir "Pediart" Uşaq və Ailə Məsləhət Mərkəzinin rəhbəri Can Erdoğanın, Dr. Ahmet Aydınalpın, Dr. Gökçe Tanyeri Tokerin və digər məruzəçilərin “Autizmə fərqli baxış”, “Autizmdə təbii müalicə metodları”, “Autizm və neyroiltihab”, “Autizmli uşaqlara psixoloq yanaşması”, “Reabilitasiya prosesində autizmli uşaqlara və onların ailələrinə sosial psixoloji dəstək” mövzularında çıxışları ilə davam edib. Qeyd edək ki, seminar “Pediart" Uşaq və Ailə Məsləhət Mərkəzi, “Adler” Psixologiya Mərkəzi, “Lovaas” Nitq İnkişaf Mərkəzi, “Venetura” şirkəti və “İlk söz” Nitq İnkişaf Mərkəzinin dəstəyi ilə həyata keçirilib.

Tədbir DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarı Rəvanə Ağamirovanın "Ay Laçın" xalq mahnısı ifası ilə yekunlaşıb.

Digər xəbərlər