Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin I Milli Konqresində Avropa və Azərbaycan səhiyyəsi ilə bağlı onlarla mövzu üzrə çıxışlar olub, son illər bu sahədə baş verən yenilik, çətinlik və prespektivlər müzakirəyə çıxarılıb.
Ölkəmizdən və xaricdən 350-yə yaxın mütəxəssisin qatıldığı I Milli Konqresin açılış mərasimində Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin təsisçisi və sədri Barat Yusubov, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Avropa Daxili Xəstəliklər Cəmiyyətinin prezidenti Rikardo Qomez Huelqas, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudov, Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev və digər rəsmi şəxslər konqresin əhəmiyyətindən danışıblar.
Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin yaranma tarixi və dərnəyin əsas məqsədi haqqında məlumat verən təsisçisi və sədri B.Yusubov TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun dərnəyin fəaliyyətinə xüsusi diqqət etdiyini qeyd edərək bildirib ki, hələ 2023-cü ildə TƏBİB və Azərbaycan Daxili Xəstəliklər Dərnəyi arasında memorandum imzalanıb.
Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin I Milli Konqresinə qatılan Avropa Daxili Xəstəliklər Cəmiyyətinin prezidenti Rikardo Qomez Huelqas Azərbaycanda ilk dəfə olduğunu və gördükləri yenilik və inkişafdan razı qaldığını bildirib. O, Avropa və Azərbaycan səshiyyəsi arasında qarşılıqlı əməkdaşlıq və təcrübə mübadilələrinin önəmini qeyd edərək, bu istiqamətdə müvafiq işlərin həyata keçirilməsi üçün addımların atılacağını bildirib.
TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov da çıxış edərək, əhalinin sağlamlığının qorunması, səhiyyə xidmətlərinin daha da əlçatan olması, tibbi xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə ölkədə tətbiq olunan icbari tibbi sığorta sisteminin uğurlarından danışıb. O, konqres çərçivəsində səsləndirilən təkliflərin dəyərləndiriləcəyini də xüsusi vurğulayıb.
Azərbaycan səhiyyəsinin özünün ən uğurlu dönəmlərini yaşadığını deyən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudov dövlət tərəfindən səhiyyə sahəsinə diqqətin artırılması və islahatların həyata keçirilməsi nəticəsində son illər kifayət qədər böyük uğurlara nail olunduğunu bildirib.
Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev dərnəyin yarandığı gündən aktiv fəaliyyət göstərdiyini qeyd edib, konqres münasibətilə dərnək üzvlərini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, üç gün davam edən tədbirdə 15 sessiya keçirilib və müxtəlif həkim-mütəxəssislər tərəfindən 47 mövzu üzrə çıxışlar edilib. Məruzəçi qismində çıxış edənlər sırasında Yeni Klinikanın həkim-mütəxəssisləri də yer alıblar.
Belə ki, Barat Yusubov, həkim-pulmonoloq Çağla Xurşud Hüseynova, Sümük iliyi transplantasiyası şöbəsinin müdiri Sevil Cəlilova və həkim-infeksionist Mədinə Abdullayevanın moderatorluğu ilə baş tutan sessiyalarda Reanimasiya şöbəsinin müdiri, anestezioloq-reanimatoloq Emil Qasımov, Kardiologiya şöbəsinin müdiri, invaziv kardioloq Şahanə Ələsgərli, həkim-infeksionist Mədinə Abdullayeva, həkim-terapevt Nərmin Beydulova, həkim-terapevt Aygül Daşdəmir, həkim-terapevt Gülxar Süleymanova, həkim-terapevt Könül Əhmədova, həkim-endokrinoloq Nərimanə İmanova Yağcı, həkim-infeksionist Səxavət Xəlilli və həkim-nefroloq Nərmin Ömərli müxtəlif mövzularda çıxış ediblər.
Konqres zamanı həmçinin məqalə müsabiqəsinin qalibləri elan olunub. Həkim-rezident Nəzrin Ömərli və həkim-rezident Məhəmmədəli Muradlı müsabiqə şərtlərinə əsasən ən yaxşı məqalə müəllifləri olaraq təltif ediliblər.