31 Yanvar 2025 12:00

Nizami rayonunda 2 fevral- Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib

Yeni Klinika - Nizami rayonunda 2 fevral- Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib

Yeni Klinikada Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə “Bütöv, suveren və müasir Azərbaycanın Zəfər gəncliyinin yeni dövr üçün əsas vəzifələri” mövzusunda gənclərin iştirakı ilə tədbir keçirilib.

İlk öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycan gənclərinə həsr olunmuş video-film nümayiş olunub.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Əhmədov və Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxış ediblər.

Qeyd olunub ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin mühüm rolu olmuşdur. Ulu Öndər Heydər Əliyev hər zaman gənclərimizə böyük ümidlər bəsləmiş, onların dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri hesab etmiş, gənclərin təşkilatlanması və ictimai-siyasi fəallığının artırılması istiqamətində tarixi qərarlar qəbul etmişdir.

Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir, Azərbaycan gəncliyi dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub, istedadlı, vətənpərvər, yüksək bilik və bacarıqlı gənc nəslin yetişməsi, onların sosial rifahının yüksəldilməsi sahəsində böyük işlər həyata keçirilir. Göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycanda milli məfkurəyə sadiq vətənpərvər və dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir olan bir nəsil yetişmişdir. Azərbaycan gənci qəlbindəki güclü Vətən sevgisi sayəsində 44 günlük Vətən müharibəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş və Zəfər salnaməsi yazmışdır.

Çıxış edənlər 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə rayon gənclərini səmimi qəlbdən təbrik edərək onlara möhkəm cansağlığı, yüksək əhvali-ruhiyyə və tariximizin yeni dövründə ölkəmizin gələcək inkişafına naminə işlərində uğurlar arzulayıblar.

Tədbirdə həmçinin rayon gəncləri adından polis leytenantı Tərlan Əhmədov, Yeni Klinikanın həkim nefroloqu Nərmin Ömərli, “Teknofest” yarışının qalibi Jalə Muradlı və 61 №-li tam orta məktəbin fiziki-tərbiyə müəllimi, Vətən müharibəsi iştirakçısı Elnur Xəlilov çıxış edərək ölkəmizdə gənclərə göstərilən hərtərəfli qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda rayonun ictimai həyatında fərqlənən bir qrup gəncə mükafatlar təqdim olunub.

Digər xəbərlər