23 Dekabr 2024 12:00

Ölkədə ilk dəfə "Transplantasiyada yeniliklər, immunologiya və genetika" konqresi baş tutub

Yeni Klinika - Ölkədə ilk dəfə "Transplantasiyada yeniliklər, immunologiya və genetika" konqresi baş tutub

Yeni Klinikada Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyi, Türkiyə Transplantasiya İmmunologiyası və Genetikası Dərnəyi, Azərbavcan Daxili Xəstəliklər Dərnəyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə "Transplantasiyada yeniliklər, immunologiya və genetika" konqresi təşkil olunub.

Konqresdə AZKLMİB-in sədri, prof.Arif Əfəndiyev, konqresin sədri Dos.Dr.Ramin Bayramlı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova, TƏBİB-in Tibbi Təhsil və İnnovasiyalar departamentinin Davamlı tibbi təhsil şöbəsinin müdiri Emil İskəndərov, Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin sədri və Yeni Klinikanın direktoru Barat Yusubov, konqresin sədr müavini, Türkiyə Transplantasiya İmmunologiyası və Genetikası Dərnəyinin sədri Prof.Dr. Aydın Türkmen açılış nitqi ilə çıxış ediblər.

Laboratoriya mütəxəssislərini klinisistlər və tədqiqatçılarla bir araya gətirmək məqsədi daşıyan bu konqresdə solid orqan və kök hüceyrə/sümük iliyi transplantasiyasında ən son immunoloji və immunogenetik inkişaf, onların klinikaya təsiri, texniki detallar, eləcə də mövcud problem və həll yolları müzakirə olunub.

Müxtəlif perspektivlərə malik yerli və beynəlxalq mütəxəssislərin təcrübə və fikirləri eləcə də son yeniliklərin bölüşüldüyü konqresdə cərrah-transplantoloq, nefroloq, anestezioloq-reanimatoloq, mikrobioloq, laboratoriya ixtisası üzrə həkimlər, immunoloq-allerqoloq, infeksionist, genetik, hematoloq, pediatr və terapevtlər iştirak ediblər.

İki gün davam edən konqresdə solid orqan transplantasiyasında immunoloji testlər, sümük iliyi transplantasiyasında immunoloji testlər, pediatrik transplantasiyaya yanaşma, böyrək tranplantasiyasında ATLG istifadəsi, reanimasiyada potensial donor qiymətləndirilmə meyarları – donor baxımı, rejeksiya riski olan xəstələrin immunoloji təqibi, beyin ölümü anlayışı və s. mövzular müzakirə edilib.

Tədbirin son günü Barat Yusubovun moderatorluğu ilə baş tutan təşviqat toplantısında Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Rəşad Mahmudov, Azərbaycan Beynəlxalq Hüquq Şirkətinin direktoru Natiq Abdullayev, Yeni Klinikanın direktor müavini, Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahlar İctimai Birliyinin sədri Eldar Əhmədov və yazıçı, filosof-şərqşünas Rövşən Abdullaoğlu çıxış edərək beyin ölümü və orqan transplantasiyası ilə bağlı bir sıra mövzuları müzakirə ediblər.

Digər xəbərlər