Yeni Klinikada Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin “Batmaqda olan gəminin xilası əməliyyatı” adlı konfransı baş tutub.
Dünyada çox mühüm tibbi və sosial-iqtisadi əhəmiyyət kəsb edən qeyri-infeksion xəstəliklərdən biri hesab edilən şəkərli diabetin və bu xəstəlik səbəbindən orqanlarda baş verən zədələnmələrin müzakirə edildiyi tədbirdə Yeni Klinikanın direktoru, Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin sədri Barat Yusubov, Azərbaycan Endokrinoloqlar Dərnəyinin sədri Xəyyam Eyvazov, invaziv-kardioloq Üzeyir Rəhimov, nefroloq Elnur Fərəcov, Türkiyədən dəvət olunmuş kardioloq Tarık Kıvrak və nefroloq Nərmin Ömərli çıxış ediblər.
Şəkərli diabeti və bununla bağlı hədəf orqan zədələnmələri olan xəstənin xilas edilməsində komanda işinin vacib olduğunu bildirən Barat Yusubov erkən diaqnoz və vaxtında edilən müayinə-müalicələrin rolunun olduqca əhəmiyyəytli olduğunu qeyd edib. Barat Yusubov bir xəstənin həyatının xilas edilməsi üçün çalışan tibbi komandanın əməyini, əziyyətini batmaqda olan gəminin xilasında əziyyət çəkən gəmi ekipajının xilasetmə tədbirləri ilə demək olar ki, eyni olduğunu bildirərək vətəndaşların asanlıqla icbari tibbi sığorta çərçivəsində həm endokrinoloq, həm kardioloq, həm də nefroloq müayinələrindən rahatlıqla keçə bildiklərini xüsusi vurğulayıb.
“Xəstə təqdimatı”, “Orqan zədələnmələri olan diabet xəstəsinin idarə olunması”, “Diabet xəstələrində kardiovaskulyar qorumada önəmli nöqtələr”, “Diabetik böyrək zədələnməsinin müalicəsində nefroloqun yeri”, “Bütün SGLT-2 intibitorları eyni seçimdir?”, “Böyrək qorumasında biotexnikanın rolu” və s. mövzuların müzakirə olunduğu konfransda müxtəlif tibb müəssisələrində fəaliyyət göstərən həkim-endokrinoloq, həkim-nefroloq, həkim-kardioloq və həkim-terapevtlər iştirak ediblər.
İnteraktiv şəkil baş tutan tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.