Yeni Klinikada Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin təşkilatçılığı ilə “Revmatologiyada təcili hallara multidisiplinar yanaşma” simpoziumu keçirilib.
Müxtəlif tibb müəssisələrindən olan həkim-mütəxəssislərin iştirak etdiyi tədbirdə Yeni Klinikanın direktoru Barata Yusubov çıxış edərək revmatoloji və digər xəstəliklərə multidisiplinar yanaşma baxımından təşkil olunan marifləndirici konfransların önəmindən bəhs edib.
Direktor günümüzün aktual problemlərindən olan revmatoloji xəstəliklərin inkişaf etməsinin və xroniki formaya keçməsinin qarşısını almaq üçün simptomlara ciddi yanaşmanın vacibliyini qeyd edərək vaxtında həkim-mütəxəssislərə müraciət etməyin önəmini vurğulayıb.
B.Yusubov əhalinin daha etibarlı və keyfiyyətli tibbi xidmətlərdən istifadə imkanlarını artırmaq üçün yaradılan icbari tibbi sığorta sisteminin Xidmətlər Zərfi daxilində bu xəstəliyin müayinə və müalicələrini həyata keçirildiyini bildirib.
100-dən çox həkim mütəxəssislərin iştirak etdiyi simpoziumda Dr. Sarvan Ağamuradov, Dr. Nümunə Əliyeva, Dr. Alidə Əliyeva, Dr. Cəbrayıl Cəbrayılov, Dr. Məğrur Məmmədov, Dr. Şirxan Əmikişiyev, Dr. Təhməz Həziyev, Dr. Mədinə Fərəcova, Dr. Vüqar Quliyev və Dr. Vəfa Quliyeva çıxış ediblər.
İnteraktiv şəkildə baş tutan tədbirdə Anti-Neytrofil Sitoplazmalı Anticisim (ANCA) əlaqəli vaskulitlər, Lupus və AFAS nefriti, Revmatologiyada sitopeniyalar, Revmatologiyada sitokin fırtınası, Revmatologiyada infeksion təcili hallar, Septik artrit, Pediatrik revmatologiyada təcili hallar və s. mövzular müzakirə olunub.