Yeni Klinikanın nümayəndə heyəti Türkiyənin İstanbul şəhərindəki Yeditəpə Universitetində Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti və Türkmənistanın elm adamlarının iştirakı ilə baş tutan Türk Dövlətlərinin I Tibb Konqresində (II Tibbi Forum) iştirak ediblər.
Türk dünyasının tibb sahəsindəki əməkdaşlığını möhkəmləndirmək, ortaq problemlərə həll yolları tapmaq və tibb təhsilinin daha yüksək səviyyəyə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən konqresdə Yeni Klinikanın direktoru Barat Yusubov, direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri rəhbəri Eldar Əhmədov və TƏBİB Akademiyasının rəhbəri Tural Xaspolad konqresin açılış mərasimində iştirak edərək, panel sessiyalarında çıxış ediblər.
Belə ki, həkim-nefroloq Barat Yusubov transplantasiya panelində “Böyrək transplantasiyası kimlərə icra edilməz?”, eyni paneldə cərrah-transplantoloq Eldar Əhmədov “Canlı donordan qaraciyər köçürməsində erkən mərhələdə damar ağırlaşmaları” mövzularında çıxış edərək geniş araşdırmalar təqdim ediblər. İki gün davam edən konqresin digər sessiyasında TƏBİB Akademiyasının rəhbəri Tural Xaspolad “Türk dövlətlərinin səhiyyə sistemində Azərbaycanın rolu” mövzusunda çıxış edib.
Qeyd edək ki, 7 türk dövlətindən 500-ə yaxın elm adamının iştirak etdiyi konqresdə səhiyyə sahəsindəki son yeniliklər və araşdırmalar müzakirə olunub, eyni zamanda həm nəzəri, həm də praktiki cəhətdən zənginləşdirilmiş sessiyalar sayəsində iştirakçılara öz bilik və təcrübələrini fəal şəkildə bölüşmək imkanı verilib.